05/04/2020

“Sumqayıt” FK-nın 10 illik tarixindən maraqlı faktlar - №2


“Sumqayıt” FK-nın 10-cu ildönümü ilə əlaqədar olaraq “Yaxın keçmişə səyahət” rubrikasını davam etdiririk. 2011/2012 mövsümündən Premyer Liqada mübarizə aparan “Sumqayıt” FK ilk xalını elə həmin mövsümün 5-ci turunda qazanıb. Belə ki, 11.09.2011-ci ildə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Sumqayıt” - “Qarabağ” görüşündə hesab açılmayıb. Bu heç-heçə Bernhard Raabın rəhbərlik etdiyi komandanın Premyer Liqa tarixində qazandığı ilk xal kimi tarixə düşüb.

“Sumqayıt” FK-nın ilk qələbəsi isə həmin mövsümün 11-ci turuna təsadüf edib. 30.10.2011-ci ildə doğma arenada AZAL-ı qəbul edən “Sumqayıt” FK 2:1 hesabı ilə qələbə qazanıb. Bu qarşılaşmada komandamızın qollarını Samir Abdulov və Eldar Məmmədov vurub.

“Sumqayıt” FK-nın ilk səfər qələbəsi isə 05.11.2011-ci ilə təsadüf edib. Belə ki, həmin mövsüm “Qarabağ”la matçda ilk xalını qazanan komandamızın ilk səfər qələbəsi də Ağdam təmsilçisinə qarşı olub. Quzanlı Olimpiya Kompleksinin stadionunda baş tutan görüşdə “Sumqayıt” FK 2:1 hesabı ilə qələbə qazanıb. Bu oyunda Kamil Nurəhmədov və Murad Səttarlı fərqlənib.